Atəş Lövhü, Əhməd Lövhü, Müqəddəs Dənizçi lövhü (#4882)

Hər şeyi Bilən və Hər şeydən Xəbərdar Olan Allahın Kitabında Vəd olunmuş Kəsin Adı ilə! Orucluq günləri yetişdi, o günlər ki, Sənin Taxtın ətrafında təvaf edən və Sənin hüzuruna yetişən bəndələrin oruc tutublar. Söylə: Ey adların Allahı, göyün və yerin Yaradanı! Səni and verirəm ən Nurlu Adına - Sənə məhəbbət naminə və Sənin razılığın xatirinə oruc tutanların və Sənin Kitablarında və Lövhlərində onlara hökm etdiklərini yerinə yetirənlərin orucunu qəbul eylə. Səni and verirəm onlara, Sənin əmrini irəlilətməkdə mənə kömək eylə və Sənə məhəbbətimdə məni sabit eylə ki, ayaqlarım Sənin məxluqlarının etirazından sürüşməsin. Həqiqətən, istədiyin hər şeyin üzərində Sən Hakimsən. Səndən başqa Allah yoxdur, Dirildən, Ən Qüvvətli, Ən Kəramətli, Günlərin Qədimi.

-Bahá'u'lláh
-----------------------

Atəş Lövhü, Əhməd Lövhü, Müqəddəs Dənizçi lövhü (#4883)

Təriflər olsun Sənə, Ey Allah, mənim Allahım! Bu o günlərdir ki, Sən Öz seçilmişlərinə, sevimlilərinə və bəndələrinə Oruc tutmağı hökm etmisən və namazı Sənin birliyini tanıyanlara yüksəliş nərdivanı etdiyin kimi, onu səltənətinin adamlarına bir işıq etmisən. Səni and veriəm, Ey mənim Allahım, bütün bəşəriyyətə izzət və şərəf kimi müəyyən etdiyin bu iki qüdrətli sütuna - Öz dinini imansızların fitnəsindən və şər adamların pis niyyətlərindən hifz eylə. Ya Rəbb, Öz gücün və qüdrətinlə nazil etdiyin o işığı gizlətmə. Sonra Sənin əmrin və hökmranlığınla görünən və görünməyən qoşunlarla Sənə həqiqətən iman gətirənlərə kömək eylə. Səndən başqa Allah yoxdur, Qüdrətli, Ən Qüvvətli.

-Bahá'u'lláh
-----------------------

Atəş Lövhü, Əhməd Lövhü, Müqəddəs Dənizçi lövhü (#4884)

Alqış Sənə, Ya Rəbb, mənim Allahım! Bunlar o günlərdir ki, Sən bütün insanlara Oruc tutmağı hökm etmisən, ta ki, bununla onlar öz qəlblərini təmizləsinlər, Səndən başqa hər şeyə bağlılıqdan qurtulsunlar və onların ürəklərindən elə şeylər yüksəlsin ki, Sənin əzəmət sarayına layiq olsun və Sənin birliyinin təzahürünün taxtına yaraşsın. İzn ver, İlahi, qoy bu oruc abi-həyat çeşməsi olsun və Sənin ona əta etdiyin bəhrəni versin. Bununla Sən bəndələrinin ürəklərini təmizlə, o bəndələr ki, dünyanın şəri onların Sənin Əbha Adına yönəlməsinə mane ola bilmədi, o kəslər ki, Sənin Öz hökmranlığını, qüdrətini, əzəmətini və şərəfini əta etdiyin Zühurunun gəlişini müşayiət edən Sənə məxsus ən parlaq əlamətləri inkar edənlərin çaxnaşması və hay-küyü onları sarsıda bilmədi. Bunlar o bəndələrdir ki, Sənin nidan onlara yetişən kimi, Sənin mərhəmətinə doğru tələsdilər və bu dünyanın qəzavü-qədəri və ya bəşəri məhdudiyyətləri onları Səndən saxlaya bilmədi.

Mən o kəsəm ki, Ey mənim Allahım, Sənin birliyinə şəhadət verir, Sənin təkliyini iqrar edir, Sənin əzəmətinin təzahürləri qarşısında itaətlə baş əyir, o kəsəm ki, tutqun üzlə Sənin ən ali cəlalının işığının təcəllilərini etiraf edir. Sənin Özünü tanımaq üçün məni qabil etdikdən sonra Sənə iman gətirdim, O Kəs ki, Sən Onu Öz hökmranlığının və qüdrətinin gücü ilə insanların gözü qarşısında zühur etdirdin. Mən Ona dönmüşəm, hər şeydən büsbütün ayrılmışam, Sənin bəxşiş və lütflərinin ipindən möhkəm yapışmışam. Mən Onun həqiqətini və Ona nazil olan bütün ecazkar qanunların və hökmlərin həqiqətini qəbul etmişəm. Mən Sənin məhəbbətin üçün oruc tutmuşam və Sənin göstərişinə əməl edərək dilimdə Sənin zikrin və Sənin razılığınla iftarımı açmışam. Izn vermə, Ilahi, o kəslərin arasında sayılım ki, gündüzlər oruc tutublar, gecələr Sənin üzün qarşısında səcdə ediblər, amma Sənin həqiqətini inkar ediblər, Sənin əlamətlərinə inanmayıblar, Sənin sübutunu rədd ediblər və Sənin bəyanını təhrif ediblər.

İlahi, mənim gözlərimi və Səni axtaranların hamısının gözlərini aç ki, biz Səni Sənin Öz gözlərinlə tanıyaq. Bu, Öz əmrinlə seçdiyin, bütün məxluqatının üzərində lütfün üçün ayırdığın, Öz hökmranlığını əta edərək xüsusi iltiafat göstərdiyin və insanlarına Müraciətini etibar etdiyin Kəsə göndərdiyin Kitabda bizlərə verdiyin əmrindir. Təriflər olsun Sənə, ona görə də, Ey mənim Allahım, çünki Sən fəzlinlə bizi Onu tanımağa və Ona nazil olan hər şeyi qəbul etməyə qabil etdin və bizə Kitabında və Lövhlərində vədini verdiyin Kəsin hüzuruna yetişmək şərəfi verdin.

Sən məni görürsən, Ey mənim Allahım, üzümü Sənə tərəf çevirmişəm, Sənin təqdir və səxavət ipindən yapışmış, mərhəmət və kərəminin ətəyindən tutmuşam. Yalvarıram Sənə, Sənin dərgahının həndəvərinə və hüzurunun məbədinə üzünü tutan və Sənə məhəbbət xatirinə oruc tutan bəndələrinə qismət etdiklərinə yetişmək ümidlərimi puça çıxarma. Mən etiraf edirəm, Ey mənim Allahım, mənim bütün etdiklərim Sənin hökmranlığına və əzəmətinə əsla layiq deyil. Bununla belə, ən parlaq Adınla öz gözəlliyini aşkara çıxardığın bu Zühurda mükəmməl adlarının şərəfi ilə bütün yaranmış şeylərə izhar etdiyin o Adına and verirəm ki, Sənin iradənin sağ əlindən axan şərbətindən mənə içir, ta ki, mən nəzərlərimi Sənə elə dikim və Səndən başqa hər şeydən elə ayrılım ki, dünya və onda yaradılan hər şeyə yaratmağa layiq bilmədiyin ani bir gün kimi baxım.

Mən bir daha Sənə yalvarıram, Ey mənim Allahım, Sənin iradə göyündən və mərhəməт buludlarından onları yağdır ki, bizi xətalarımızın qoxusundan təmizləsin, Sən Ey Özünü Mərhəmət Allahı adlandıran Kəs! Sən, həqiqətən, Ən Qüvvətli, Ən Nurlu, Xeyirxahsan.

İlahi, Sənə dönən kəsi rədd etmə, Sənə yaxınlaşmış kəsi dərgahından uzaq tutma, Sənin fəzlin və lütfün üçün yanğı ilə əllərini uzadıb yalvaran kəsin ümidlərini puça çıxarma və səmimi bəndələrini Öz mərhəmət və inayətinin möcüzələrindən məhrum etmə. Sən Bağışlayan və Kəramətlisən, İlahi! İstədiyini etməyə Sənin qüdrətin var. Səndən başqaları Sənin qüdrətinin təzahürləri qarşısında gücsüzdür və Sənin zənginliyinin dəlilləri qarşısında səfildir, Sənin fövqəl hökmranlığının təzahürləri ilə müqayisədə bir heçdir və Sənin qüdrət əlamətlərin və nişanələrin qarşısında gücdən tam məhrumdur. Səndən başqa sığınacaq varmıdır ki, İlahi, mən ona sığınım, haradadır o pənah yeri ki, mən ona tələsim. Xeyr, Sənin qüdrətinin qüvvəti mənə şahidlik edir! Səndən özgə mühafizəçi yoxdur, Səndən qeyri pənah yeri yoxdur, Səndən başqa axtarılası sığınacaq yoxdur. Mənə Sənin zikrinin və tərifinin ilahi şirinliyini dadızdır. Sənin qüdrətinə and olsun! Kimsə bunun şirinliyini dadsa, dünyada və onda olanlara olan bütün bağlılıqlardan özünü qurtarar və Səndən başqa hər kəsin zikrindən təmizlənərək üzünü Sənə tutаr.

Sonra, Ey mənim Allahım, Sənin ecazkar zikrinlə mənim qəlbimi ruhlandır, ta ki, mən Sənin adını vəsf edim. Məni o kəslərdən etmə ki, Sənin sözlərini oxuyurlar, lakin Sənin hökm etdiyin kimi, onlarda gizli olan və Sənin məxluqlarının qəblərini və bəndələrinin ürəklərini canlandıran bəxşişləri tapa bilmirlər. İlahi, məni o kəslərin arasında say ki, Sənin günlərində əsən şirin rayihələrdən vəcdə gəldilər və həyatlarını Sənə qurban verdilər, Sənin camalını görmək arzusu və Sənin hüzuruna yetişmək eşqi ilə ölüm səhnəsinə tələsdilər. Onların yolu üstündə kimsə sorsaydı ki, "Hara gedirsiniz", onlar deyədrilər, "Allaha doğru, Hər Şeyə Malik, Əzəmətli və Qəyyum Allaha!"

Səndən üz çevirənlərin və Sənə təkəbbür göztərənlərin törətdiyi zülm onları Səni sevməkdən, Sənə yönəlməkdən və üzlərini Sənin mərhəmətinə tutmaqdan saxlaya bilmədi. Bunlar o kəslərdir ki, Mələy`i-Əladan xeyir-dua alıblar, əbədi Şəhərlərin sakinləri, daha sonra, o kəslər onları alqışlayıb ki, Sənin ən uca qələmin onların alnına yazıb: "Bunlar onlardır! Bəha əhli! Onların vasitəsilə hidayət nurlarının şəfəqləri yayılıb". Sənin əmrin və Sənin iradənlə, Sənin dəfedilməz təqdir Lövhündə belə yazılıb.

Ona görə də, Ey mənim Allahım, onların və o kəslərin böyüklüyünü bəyan et ki, yaşayarkən və ya dünyalarını dəyişdikdən sonra onların ətrafına dolanırlar. Onlara Öz məxluqatın arasında insaflı olanlara qismət etdiklərini nəsib eylə. Sən hər şey etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Ən Qüvvətli, Əzəmətli, Ən Qüdrətli və Ən Kəramətli.

Bizim oruclarımızı bu orucla bitirmə, İlahi, nə də ki, bu bizim Səninlə son əhdimiz olsun. Sənin məhəbbətin xatirinə və Sənin razılığın üçün etdiyimiz hər şeyi və öz nəfsimiz və ehtirasımıza tabe olduğumuzdan edə bilmədiklərimizi bizdən qəbul eylə. Sonra bizi qadir eylə ki, Sənin məhəbbətinə və razılığına möhkəm bağlanaq, Səni inkar edənlərin və Sənin ən parlaq əlamətlərini rədd edənlərin şərindən bizi hifz eylə. Sən, həqiqətdə, bu dünyanın və o biri dünyanın Rəbbisən. Səndən başqa Allah yoxdur, Sən Uca və Ən Yüksəksən.

Ya Rəbb, mənim Allahım, O Kəsi ucalt ki, İlkin Nöqtədir, İlahi Sirdir, Görünməz Zatdır, İlahilik Məşriqi, Rəblik Məzhəridir, O Kəs ki, Onunla keçmişin və gələcəyin bütün elmləri aydın oldu, Onunla pünhan hikmət gövhərləri aşkara çıxdı, Sənin gizli saxlanmış adının sirri açıldı, O Kəs ki, Onu Sən O Kəsin Müjdəçisi təyin etdin ki, Onun adıyla "O" və "L" hərfləri birləşdi və qovuşdu, Onunla Sənin əzəmətin, hökmranlığın və Sənin qüdrətin aşkar oldu, Onunla Sənin sözlərin nazil oldu və Sənin qanunların aydınlığı ilə məlum oldu, Sənin əlamətlərin hər yana yayıldı, Sənin Sözün bərqərar oldu, Onunla Sənin seçilmişlərinin ürəklərindəkilər açıldı, göydə və yerdə olanların hamısı bir yerə toplaşdı, O Kəs ki, Sən Onu Öz adlarının səltənətində "Əli-Məhəmməd", Sənin dəyişməz hökmünün Lövhlərində "Ruhlar Ruhu" adlandırdın, O kəs ki, Sən Ona Öz adını verdin, O Kəs ki, Sənin hökmün və Sənin Qüdrətinin qüvvəsi ilə bütün adlar Onun adına qayıtdı, O Kəs ki, Onda Sən özünün bütün əlamət və adlarını son həddinə çatdırdın. Ona həm də o adlar məxsusdur ki, Sənin pak çadırlarında, Sənin qeyb aləmində və pak şəhərlərində gizlədilib.

Bundan başqa, Onun Sonrakı Zühurunda Sənin birliyini tanıyanların arasından Ona və Onun əlamətlərinə iman gətirənləri, Ona tərəf dönənləri ucalt, O Zühur ki, Onun barəsində O Öz Lövhlərində, Kitablarında, Səhifələrində və Ona nazil olan bütün ecazkar ayələrində və gövhər kimi bəyanlarında xatırlatmışdı. Bu həmin o Zühurdur ki, Onun əhdini Sən Ona Öz əhdini bağlayandan əvvəl bərqərar etməyi hökm etmişdin. Bu O Kəsdir ki, Bəyan Onun tərifini ucaldıb. Bunda (Bəyanda) Onun aliliyi vəsf olunub, Onun həqiqəti təsbit olunub, Onun hökmranlığı bəyan edilib və Onun Əmri təkmil olub. Xoş o kəsin halına ki, Ona tərəf dönüb, Onun hökm etdiklərini yerinə yetirib, Sən ey bu dünyanın Rəbbi və Səni tanıyanların Məqsudu!

Təriflər olsun Sənə, Ey mənim Allahım, çünki Sən bizə kömək etdin ki, Onu tanıyaq və sevək. Ona görə də, Səni and verirəm, Ona və O Kəslərə ki, Sənin Allahlığının Məşriqləri və Sənin Rəbliyinin Məzhərləri, Sənin Vəhyinin Xəzinələri və ilhamının Dəfinələridir – bizi qabil et ki, Ona xidmət edək və Ona itaət edək, bizi qadir et ki, Onun əmrinin köməkçiləri olaq və Onun düşmənlərini pərən-pərən salaq. Sən istədiyin bütün şeyləri etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Qüdrətli, Ən Cəlallıl, O Allah ki, hamı Onun köməyini diləyir!

-Bahá'u'lláh
-----------------------

Atəş Lövhü, Əhməd Lövhü, Müqəddəs Dənizçi lövhü (#4885)

Bunlar, Ey mənim Allahım, Öz bəndələrinə oruc tutmağı fərz buyurduğun günlərdir. Bununla Sən yaratdıqlarına nazil olmuş Qanunlar Kitabının müqəddiməsini bəzədin, göydə və yerdə olanların gözləri qarşısında hökmlərinin Xəzinələrini zinətləndirdin. Sən bu günlərin hər saatına Səndən, elmi bütün yaranmış şeyləri əhatə edən Kəsdən başqa heç kəsin dərk edə bilmədiyi xüsusi bir fəzilət əta etmisən. Sən həm də hər bir ruha bu fəzilətdən Sənin əmr Lövhünə və Sənin qəti hökm Kitablarına uyğun olaraq bir pay ayırmısan. Bundan başqa, bu Kitabların və bu Lövhlərin hər bir vərəqini yerdə olan xalqların və tayfaların hər birinə həsr etmisən.

Öz odlu aşiqlərin üçün, hökmünə uyğun olaraq, Sən hər səhər Sənin zikrinin piyaləsini saxlamısan, Sən Ey Hakimlərin Hakimi! Bunlar o kəslərdir ki, Sənin saysız hikmətlərinin şərabından elə məst olublar ki, Sənin tərifini söyləmək və fəzilətini ucaltmaq şövqündən öz yataqlarını tərk ediblər və Sənin hüzuruna yaxınlaşmaq və Sənin nemətindən pay almaq üçün yuxudan qaçırlar. Onların gözləri hər zaman Sənin inayətinin Məşriqinə dikilib, üzləri isə Sənin ilhamının çeşməsinə yönəlib. Elə isə, bizim və onların üstünə Sənin mərhəmət buludlarından Sənin kəramət və fəzl səmana yaraşan şeyləri yağdır.

Ucalsın Sənin adın, Ey mənim Allahım! Bu o saatdır ki, Sən onda məxluqatın qarşısında səxavət qapılarını açdın və Sənin yerin üzündə yaşayanların üzünə mərhəmət darvazalarını taybatay açdın. Səni and verirəm, bütün o kəslərə ki, Sənin yolunda qanları töküldü, Səninlə görüşün şövqü ilə özlərini Sənin hər bir məxluquna bağlılıqdan azad etdilər, Sənin ilhamının xoş rayihələrilə elə vəcdə gəldilər ki, onların bədəninin hər bir əzası Sənin tərifini oxudu və Sənin zikrin üçün titrədi - bizi bu Zühurda hökm etdiklərindən məhrum qoyma, O Zühur ki, onun qüdrətindən hər bir ağac, Sidrənin əvvəllər Səninlə danışan Musaya söylədiklərini söyləyir, O Zühur ki, Sənin Dostun Məhəmmədin günlərində daşların Səni təriflədiyi kimi, xırda çınqıllara Sənin tərifini söylətdirir.

Bunlar o kəslərdir ki, Ey mənim Allahım, Sən onları fəzlindən qabil etmisən ki, Səninlə həmdəm olsunlar və Sənin Özünün Məzhərin Olan Kəslə munis olsunlar. Sənin iradənin nəsimləri onları hər tərəfə səpələmişdi, o vaxtadək ki, Sən onları öz kölgənə topladın və Sənin sarayının həndəvərinə daxil olmağa qabil etdin. İndi ki Sən onları Öz mərhəmətinin çadırının altına daxil etmisən, onda onlara kömək et ki, bu uca məqama yaraşan şeylərə nail olsunlar.

İzn vermə, İlahi, onlar o kəslərin arasında sayılsınlar ki, hətta Sənin yanında olsalar da, Sənin üzünü tanıya bilməyiblər, Səninlə görüşsələr də, amma Sənin hüzurundan məhrum qalıblar.

Bunlar Sənin o bəndələrindir ki, İlahi, Səninlə birlikdə, bu Ən Böyük Məhbəsə giriblər, onun divarları arasında Sənin əmr Lövhlərində və hökm Kitablarında əmr etdiklərinə uyğun olaraq oruclarını tutublar. Ona görə də, o şeyləri nazil eylə ki, onları Sənin xoşlanmadığın bütün şeylərdən tamamilə təmizləsin, ta ki, onlar özlərini bütünlüklə Sənə həsr etsinlər və Səndən başqa hər şeydən büsbütün özlərin ayırsınlar.

Sonra, Ey mənim Allahım, Sənin fəzlinə layiq olan və kəramətinə yaraşan şeyləri bizim üstümüzə yağdır. Sonra bizi, Ey mənim Allahım qabil et ki, Sənin zikrinlə yaşayaq, Sənin məhəbbətinlə ölək və bizə Sənin bundan sonrakı aləmlərində Öz hüzurunun bəxşişlərini nəsib eylə - o aləmlər ki, Səndən başqa heç kəs onlara vaqif deyil. Sən bizim Rəbbimizsən və bütün aləmlərin Rəbbisən, göydə və yerdə olanların hamısının Allahısan.

Sən görürsən, Ey mənim Allahım, Sənin günlərində Sənin əzizlərinin başlarına nələr gəlib. Sənin cəlalın mənə şəhadət verir. Sənin seçilmişlərinin nalə səsləri Sənin asimanın boyunca qalxıb. Onlardan bəziləri Sənin torpağında imansızlar tərəfindən əsir edilib və Sənin yanına gəlməkdən və Sənin əzəmət dərgahına yetişməkdən məhrum ediliblər. Digərləri isə Sənə yaxınlaşa biliblər, amma onları Sənin üzünü görməyə qoymayıblar. Bəzilərinə də, Sənə baxmaq şövqündən icazə verilmişdi ki, Sənin dərgahının hədəvərin daxil olsunlar, lakin onlar da Sənin məxluqatının boş təsəvvürlərinə və Sənin insanların arasında zalımların törətdiyi zülmə Səninlə onların arasında pərdə olmağa imkan verdilər.

Bu saat, İlahi, Sənin hər saatdan üstün etdiyin saatdır və onu Sənin məxluqatın arasında ən seçilmişlərinə aid etmisən. Səni and verirəm, Ey mənim Allahım, Sənin Özünə və onlara - bu il Sənin sevimlilərinu ucaldan şeyləri nəsib eylə. Bundan başqa, bu ilin ərzində o şeyləri hökm ver ki, Sənin iqtidar Günəşini cəlal üfüqündə parlaq şəfəq saçmağa və Sənin hökmran qüdrətnlə bütün dünyanı işıqlandırmağa qadir etsin.

Öz Əmrini müzəffər eylə, İlahi, Sənin düşmənlərini isə tabe et. Sonra bizə bu dünyanın və o biri dünyanın xeyirlərini yaz. Sən bütün gizli şeyləri bilən Haqqsan. Səndən başqa Allah yoxdur, Həmişə Bağışlayan, Kəramət Sahibi.

-Bahá'u'lláh
-----------------------

Atəş Lövhü, Əhməd Lövhü, Müqəddəs Dənizçi lövhü (#4886)

*Novruz, 20 və bəzi illər 21 Martda başlanır və Azərbaycan bəhailəri üçün yeni ilin birinci günüdür

Alqış Sənə, Ey mənim Allahım, Sən Novruzu Sənə məhəbbət xatirinə Oruc tutanlar və Sənin bəyənmədiyin şeylərdən çəkinənlər üçün bayram təyin etdin. Lütf eylə, İlahi, Sənin məhəbbətinin odu və Sənə hökm olunan Orucun törətdiyi hərarət onları Sənin əmrində alovlandırsın, Sənin tərifin və zikrinlə məşğul etsin.

Ey mənim Rəbbim, Sən ki onları Özün əmr etdiyin Orucla bəzəmisən, onları həm də bol bəxşişlərin və fəzlin vasitəsilə Sənin qəbul zinətinlə bəzə, çünki insanların bütün əməlləri Sənin razılığından asılıdır və Sənin hökmün altındadır. Əgər Sən Orucu pozan bir kimsəni ona riayət edən kəs kimi qəbul etsən, belə bir şəxs əzəldən Oruc tutanlar arasında sayılar. Əgər Sən Oruc tutanı onu pozmuş kəs kimi qərar versən, o şəxs Sənin Məzhərinin ətəyini ləkələyən və bu Həyat çeşməsinin şəffaf sularından uzaqlaşdırılmış kəslərin cərgəsində sayılar.

Sən O Allahsan ki, Onunla "Sən Öz əməllərində Tərifəlayiqsən" rəmzi yüksəlmiş, və "Sən Öz əmrində itaət Olunansan" bayrağı açılmışdır. Özünün bu məqamını, Ey mənim Allahım, öz bəndələrinə tanıtdır, ta ki, onlar yaxşı anlasınlar ki, bütün şeylərin aliliyi Sənin əmrin və kəlməndən asılıdır və hər bir əməlin yaxşlılğı Sənin iznin və razılığınla şərtlənir və bilsinlər ki, insanların əməllərinin cilovu Sənin qəbul və hökmün ovcundadır. Bunu onlara bildir ki, heç nə onları Sənin Camalından ayıra bilməz, o günlərdə ki, isa Məsih səsini ucaldır: "Bütün hökmranlıq Sənindir, Sən Ey Ruhu (İsanı) Yaradan"; və Sənin Sevimli Dostun (Məhəmməd) səslənir: "Alqış Sənə, Sən Ey Məhbub, çünki Sən öz Camalını açdın və Öz seçilmişlərinə Sənin ən Böyük Adının zühur taxtına yetişməyə səbəb olanları yazdın, O Ad ki, Onunla Səndən başqa hər şeydən inqita edən və Sənin Özünün Zühurun və Sənin sifətlərinin Məzhəri olan Kəsə üz tutanlardan başqa bütün ümmətlər ah-nalə etmişlər."

Sənin Budağın Olan Kəs və Sənin ətrafında olanlar, Ey mənim Rəbbim, bu gün öz oruclarını Sənin sarayının həndəvərində ona riayət etdikdən sonra və Səni razı salmaq şövqü ilə açmışlar. Ona və həm də onlara və o günlərdə Sənin hüzuruna yetişənlərə, Öz Kitabında qismət kimi yazdığın xeyirləri nəsib eylə. Sonra, bu dünyada və axirətdə onlara fayda verən şeylərdən ruzi ver.

Sən, həqiqətən, Hər şeyi Bilən, Ən Hikmətlisən.

-Bahá'u'lláh
-----------------------

Atəş Lövhü, Əhməd Lövhü, Müqəddəs Dənizçi lövhü (#4893)

Ən Qədim, Ən Böyük Allahın Adı ilə!

Həqiqətən, sadiqlərin ürəkləri hicran odunda yandı: Haradadır Sənin liqanın parıltısı, Ey aləmlərin Məhbubu?

Sənə yaxın olanlar tənhalıq zülmətində qaldılar: Haradadır Sənin vüsal səhərinin şəfəqləri, Ey aləmlərin Məqsudu?

Seçilmiş bəndələrinin cəsədləri uzaq torpaqlar üstündə çırpındı: Haradadır Sənin Hüzurunun dəryası, Ey aləmlərin Ovsunçusu?

Həsrət əlləri Sənin fəzl və səxavət səmana uzanıb: Haradadır Sənin kərəm yağışların, Ey aləmlərin dualarına Cavabverən?

Müşriklər hər tərəfdən zülmkarlıqla qalxıblar: Haradadır Sənin təqdir qələminin yenilməz qüdrəti, Ey aləmlərin Fatehi?

Köpəklərin hürüşü hər tərəfdən ucaldı: Haradadır Sənin qüdrət meşənin aslanı, Ey aləmlərin Cəzaverəni?

Soyuqluq bütün insanlığı bürüyüb: Haradadır Sənin məhəbbətinin hərarəti, Ey aləmlərin Atəşi?

Bəla son həddə çatıb: Haradadır Sənin köməyinin nişanələri, Ey aləmlərin Nicatı?

Bəşərin çoxunu zülmət bürüyüb: Haradadır Sənin şölənin parıltısı, Ey aləmlərin Ziyası?

Boyunlar nifaqla uzanıb: Haradadır Sənin intiqam qılıncların, Ey aləmlərin Qənimi?

Zillət son həddə çatıb: Haradadır Sənin izzət nişanələrin, Ey aləmlərin İzzəti?

Sənin Rəhman adının Məzhərini hüzn tutub: Haradadır Sənin Zühur Məşriqinin sevinci, Ey aləmlərin Fərəhi?

İztirab yer üzü insanlarını bürüyüb: Haradadır Sənin şadlıq bayraqların, Ey aləmlərin Sevinci?

Görürsən, nişanələrinin Məşriqi pis niyyətli təlqinlərlə pərdələnib: Haradadır Sənin Qüdrət barmaqların, Ey aləmlərin İqtidarı?

Susuzluq iztirabı bütün aləm əhlini üzüb: Haradadır Sənin inayət çeşmələrin, Ey aləmlərin Mərhəməti?

Hərislik bütün bəşəri əsir edib: Haradadır Sənin inqita təcəssümlərin, Ey aləmlərin Mövlası?

Görürsən, bu Məzlum sürgündə yalqız qalıb: Haradadır Sənin əmr səmanın orduları, Ey aləmlərin Hökmdarı?

Qürbət diyarda tərk edilib, tənha qalmışam: Haradadır Sənin vəfa nişanələrin, Ey aləmlərin Vəfası?

Aləm əhlini ölüm əzabı bürüdü: Haradadır Sənin dirilik dənizinin damlaları, Ey aləmlərin Həyatı?

Şeytan vəsvəsələri bütün yaranmışları əhatə edib: Haradadır Sənin atəşinin şahabı, Ey aləmlərin Nuru ?

Aləm əhlinin çoxu nəfsi-həva məstliyindən korlanıb: Haradadır Sənin saflıq məşriqlərin, Ey aləmlərin Məqsudu?

Görürsən, bu Məzlum Şam əhlinin arasında zülmət pərdəsi içindədir: Haradadır Sənin Sübh şəfəqlərinin parıltısı, Ey aləmlərin İşığı?

Görürüsən, Mənə söz söyləməyi qadağan ediblər: Bəs onda haradan çağlayacaq Sənin nəğmələrin, Ey aləmlərin Bülbülü?

Xalqın çoxunu şəkk-şübhə və boş xəyallar pərdələyib: Haradadır Sənin yəqinlik məşriqlərin, Ey aləmlərin Güvənci?

Bəha bəla dənizində qərq olur: Haradadır Sənin xilas gəmin, Ey aləmlərin Xilaskarı?

Görürsən, Sənin bəyan Məşriqin aləmin zülmətindədir: Haradadır Sənin fəzl səmanın günəşi, Ey aləmləri Aydınladan?

Doğruluq və saflıq, sədaqət və şərəf çıraqları söndürülüb: Haradadır Sənin qisas qəzəbinin nişanələri, Ey aləmləri Hərəkətə Gətirən?

Bir kəsi görürsənmi ki, Səni müdafiə etsin, ya Sənin məhəbbətin yolunda Onun başına gələnlər barədə düşünsün? Burda Mənim qələmim dayanır, Ey aləmlərin Məhbubu.

Sidrətül-Müntəhanın budaqları qəzavü-qədər tufanlarından sınıb: Haradadır Sənin imdad bayraqların, Ey aləmlərin Müdafiəçisi?

Bu Üz iftira tozları ilə örtülüb: Haradadır Sənin şəfqət nəsimlərin, Ey aləmlərin Şəfqəti?

Müqəddəslik ətəyi hiylə əhlinin əlindən ləkələnib: Haradadır Sənin paklıq zinətin, Ey aləmləri Bəzəyən?

Fəzl dənizi insanların törətdiklərindən sükut edib: Haradadır Sənin kəramət dalğaların, Ey aləmlərin Muradı?

Liqa qapısı Sənin düşmənlərinin zülmündən bağlanıb: Haradadır Sənin comərdlik açarın, Ey aləmlərin Fəttahı?

Nifaqın zəhərli küləyindən yarpaqlar saralıb: Haradadır Sənin kəramət buludunun yağışı, Ey aləmlərin Ətaedəni?

Günah tozundan bütün aləm qaralıb: Haradadır Sənin əfv nəsimlərin, Ey aləmləri Bağışlayan?

Bu Gənc biyabanda tək-tənha qalıb: Haradadır Sənin fəzl səmanın yağışı, Ey aləmlərin Pənahı?

Ey Ulu Qələm, Sənin şirin nidanı əbədi Cəbərutda eşitdik: Qulaq ver, gör əzəmət Dili nə söyləyir, Ey aləmlərin Məzlumu.

Əgər soyuq olmasaydı, Sənin bəyanının hərarəti necə zəfər çalardı, Ey aləmlərin Şərhedəni.

Əgər bəlalar olmasaydı, Sənin səbr günəşin necə parlaya bilərdi, Ey aləmlərin İşığı.

Ah-nalə etmə, şər adamlara görə. Sən dözmək və tab gətirmək üçün yaranmısan, Ey aləmlərin Səbri.

Necə şirin idi, nifaq əhli arasında Sənin Misaq üfüqündən parlamağın və Sənin Allaha iştiyaqın, Ey aləmlərin Eşqi.

Sənin vasitənlə istiqlal bayrağı ən yüksək zirvədə sancıldı və fəzl dənizi Səninlə təlatümə gəldi, Ey aləmlərin Valehi.

Sənin yalqızlığınla Tovhid Günəşi çıxdı və Sənin qəribliyinlə Birlik torpağı zinətləndi, Ey aləmlərin Qəribi.

Biz zilləti izzət köynəyi və bəlanı Sənin heykəlinə zinət etmişik, Ey aləmlərin Fəxri.

Görürsən, qəlblər nifrətlə dolub, Sən göz yum, Ey aləmlərin Səttarı.

Qılınclar parlayanda, irəli çıx! Oxlar süzəndə, sinəni ver! Sən Ey aləmlərin Fədası.

Sənmi ağlayırsan, yoxsa Mən! Xeyr, Sənin tərəfdarlarının azlığından Mən ağlaram, Ey aləmləri Ağladan.

Həqiqətən, eşitdim Sənin nidanı, Ey Əbhanın Məhbubu; və indi Bəhanın üzü dərd-bəlaların hərarətindən və Sənin nurani kəlmələrinin atəşindən alovlanır və fəda meydanında O, Sənin razılığından ötrü vəfa ilə qalxdı, Ey aləmlərin Müqəddiri.

Ey Əli-Əkbər! Bu lövhə görə öz Rəbbinə şükr eylə ki, Mənim məzlumiyyətimin ətrini ondan duyasan və aləmlərin Məbudu Allahın yolunda Bizim başımıza gələnlərdən agah olasan.

Əgər bütün bəndələr bu lövhü oxusalar və üzərində düşünsələr, onların damarlarında elə atəş yanar ki, aləmləri oda qalayar.

-Bahá'u'lláh
-----------------------

Atəş Lövhü, Əhməd Lövhü, Müqəddəs Dənizçi lövhü (#4894)

*"Bu gündəlik namazlara, şəfa Duası, Əhməd Lövhü kimi digər bir neçə xüsusi dualarla yanaşı, Həzrət Bəhaullah tərəfindən fövqəladə güc və əhəmiyyət əta edilmişdir və ona görə də onları belə qəbul etmək lazımdır. Möminlər onları şübhəsiz iman və inamla oxumalıdırlar ki, onların vasitəsilə Allahla daha yaxın ünsiyyətə girə bilsinlər və özlərini Onun qanun və hökmləri ilə daha tam uyğunlaşdırsınlar.

Odur Sultan, hər şeyi Bilən və Hikmətli!

Budur, Cənnət Bülbülü Əbədiyyət Ağacının budaqları üzərində müqəddəs və şirin avazla oxuyur. Тəmiz qəlblilərə Allahın yaxınlığından müjdə verir, Allahın Birliyinə inananları Səxavətli Allahın Hüzurunа çağırır, inqitа еdənlərə Sultan, Cəlallı, Bənzərsiz Allahın nazil etdiyi bu müraciətdən xəbər verir və aşiqləri Müqəddəslik Məqamına və bu nurlu Camala doğru yönəldir.

Həqiqətən, bu həmin O Ən Böyük Camaldır ki, Peyğəmbərlərin Kitablarında öncədən xəbər verilmişdi, Onun vasitəsilə haqq nahaqdan ayrılar, hər bir əmrin hikməti Onunla sınanar. Həqiqətən, O, bir Həyat Ağacıdır ki, onun barı Uca, Güclü və Ulu Allahın meyvələridir.

Ey Əhməd! Sən buna şəhadət ver ki, həqiqətən, Odur Allah və Ondan başqa Allah yoxdur, O Sultan, Hifz Edən, Misilsiz və Qüdrətlidir, və "Əli" adı ilə göndərilən O şəxs haqdır və biz hamımız Onun əmrlərinə əməl edənlərik.

Söylə: Ey insanlar, Cəlallı və Hikmətli Allahın Bəyanda hökm etdiklərinə itaət edin. Həqiqətən, O, Elçilərin Padşahı və Onun Kitabı Ana Kitabdır, kaş ki, bilənlərdən olardınız.

Bu Bülbül sizə bu məhbəsdən belə səslənir. O, ancaq bu aydın müraciəti sizə çatdırmalıdır. Kim istəyir, qoy bu nəsihətdən üz çevirsin, kim istəyirsə, qoy öz Rəbbinə gedən yolu seçsin.

Ey qövm, əgər siz bu ayələri inkar etsəniz, onda Allaha hansı dəlil ilə iman gətirmişdiniz? Göstərin dəlilinizi, ey yalançılar zümrəsi.

Xeyr, mənim canım əlində Olana and olsun, onlar bunu edə bilməyəcəklər və heç vaxt da buna qadir olmayacaqlar, hətta bir-birlərilə köməkləşsələr də.

Ey Əhməd! Mən olmayanda fəzlimi unutma. Sənin günlərində, Mənimlə olan günləri və bu uzaq məhbəsdə hüznümü və qəribliyimi xatırla. Sevgimdə elə möhkəm dur ki, hətta başına düşmən qılıncları ensə və bütün yer-göy əleyhinə qalxsa, ürəyin əsla tərəddüd etməsin.

Düşmənlərimə bir yanar od, dostlarıma isə əbədi həyat çeşməsi ol və şübhə edənlərdən olma.

Və əgər yolumda bir bəlaya düşsən və ya Adımdan ötrü bir zillətə uğrasan, üzülmə.

Allaha təvəkkül eylə, sənin Allahın və atalarının Rəbbi olan Allaha. Zira, xalq yanlış yolda sərgərdandır və Allahı öz gözləri ilə görmək və Onun Nəğmələrini öz qulaqları ilə eşitmək bəsirətindən məhrumdurlar. Biz onları belə gördük, sən də buna şahidsən.

Onların xurafatı onlarla qəlbləri arasında beləcə pərdəyə çevrilmiş və onlar Uca və Ulu Allahın yolundan beləcə kənarda qalmışlar.

Sən öz qəlbində buna əmin ol ki, bu Camaldan üz çevirmiş olan bir kimsə, bundan öncə gələn bütün Elçilərdən də üz çevirmiş və əzəldən əbədiyyətədək Allaha təkəbbür göstərmiş olur.

Yaxşı öyrən bu lövhü, ey Əhməd. Öz günlərində onu avazla oxu və özünü ondan məhrum etmə. Çünki həqiqətən, Allah onu oxuyana yüz şəhidin və hər iki dünyada ibadət edənlərin mükafatını müəyyən etmişdir. Biz Öz tərəfimizdən sənə bir fəzlimiz və hüzurumuzdan bir mərhəmət olaraq bu iltifatı göstərdik ki, sən şükr edənlərdən olasan.

Allaha and olsun! Çətinliyə və ya qəm-qüssəyə düşən bir kimsə bu Lövhü sidq ürəklə oxusa, Allah onun kədərini dağıdar, çətinliyini qaldırar və dərdini yox edər.

Həqiqətən, O Rəhmlidir, Şəfqətlidir. Alqış olsun Allaha, aləmlərin Rəbbinə.

-Bahá'u'lláh
-----------------------

Atəş Lövhü, Əhməd Lövhü, Müqəddəs Dənizçi lövhü (#4895)

*"Müqəddəs Dənizçi Lövhünü öyrən ki, sən həqiqəti biləsən və görəsən ki, Camal-i Mübarək gələcək hadisələri bütünlüklə öncədən xəbər vermişdir. Qoy bəsirəti olanlar bundan ibrət alsınlar." -Əbdül-Bəha Abbas



Odur Kəramətli, Sevgili Məhbub! Ey Müqəddəs Dənizçi! Öz əbədiyyət gəmini Mələyi-Əlanın qarşısına sür;

Sübhandır mənim Əbha Rəbbim!

Sonra burax onu qədim dənizə, Onun Ən Ecazkar Adıyla;

Sübhandır mənim Əbha Rəbbim!

Və məlaikə ruhları ona mindir, Allahın Ən Uca Adıyla;

Sübhandır mənim Əbha Rəbbim!

Sonra onu lövbərdən azad et ki, əzəmət dəryasına üzsün;

Sübhandır mənim Əbha Rəbbim!

Bəlkə onun sərnişinləri ölümsüzlük diyarında yaxınlıq köşklərinə yan alalar;

Sübhandır mənim Əbha Rəbbim!

Müqəddəs sahilə, qırmızı dənizin kənarına çatanda;

Sübhandır mənim Əbha Rəbbim!

Onları endir ki, bu görünməz səmavi məqama çatsınlar;

Sübhandır mənim Əbha Rəbbim!

O məqam ki, orada Rəbb öz Camalının Alovu ilə ölümsüzlük ağacında işıq saçmışdı ;

Sübhandır mənim Əbha Rəbbim!

Harada ki, Onun Əmrinin mücəssəmələri özlərini nəfs və ehtirasdan təmizlədilər;

Sübhandır mənim Əbha Rəbbim!

O məqam ki, ətrafına ölümsüz qoşunlarla Musanın şərəfi dolanır;

Sübhandır mənim Əbha Rəbbim!

Harada ki, Allahın Əli Onun Əzəmət qoynundan çıxmışdır;

Sübhandır mənim Əbha Rəbbim!

Harada ki, Əmrin gəmisi hərəkətsiz qalır, hətta onun sərnişinlərinə bütün ilahi sifətlər izhar olunsa da;

Sübhandır mənim Əbha Rəbbim!

Ey Dənizçi! Gəmi əhlinə bizim Sənə sirr pərdəsi arxasında öyrətdiklərimizi öyrət;

Sübhandır mənim Əbha Rəbbim!

Bəlkə onlar müqəddəs, bəmbəyaz yerdə gecikməyələr;

Sübhandır mənim Əbha Rəbbim!

Və ruh qanadları üzərində Rəbbin aşağı dünyalardakı bütün sözlərdən daha uca etdiyi o məqama yüksələlər;

Sübhandır mənim Əbha Rəbbim!

Əbədi vüsal səmasındakı sevimli quşlar kimi fəzada qanad açalar;

Sübhandır mənim Əbha Rəbbim!

Nur Dənizlərində gizli qalmış sirlərdən agah olalar;

Sübhandır mənim Əbha Rəbbim!

Onlar dünyəvi hüdudları aşdılar və tovhid məqamına, səmavi hidayət mərkəzinə yetişdilər;

Sübhandır mənim Əbha Rəbbim!

Onlar Rəbbin onların məqamlarından üstün buyurduğu o məqama yüksəlmək istədilər;

Sübhandır mənim Əbha Rəbbim!

Onda Onun Hüzur Səltənətində sakin olanların yanından yanar bir şahab onları qovdu;

Sübhandır mənim Əbha Rəbbim!

Və onlar Cəlal Zirvəsindəki görünməz çadırın arxasından əzəmət Səsini eşitdilər;

Sübhandır mənim Əbha Rəbbim!

“Ey qoruyucu mələklər! Qaytarın onları aşağı aləmdəki yerlərinə;

Sübhandır mənim Əbha Rəbbim!

Çünki, onlar cənnət göyərçininin heç vaxt yetişmədiyi o fəzaya qalxmaq istəyirlər;

Sübhandır mənim Əbha Rəbbim!

Ki, orada zənn gəmisi hərəkətsiz qalar və idrak sahibləri onu dərk edə bilməz;”

Sübhandır mənim Əbha Rəbbim!

Sonra səma hurisi özünün uca köşkündən boylandı;

Sübhandır mənim Əbha Rəbbim!

Və qaşı ilə Səma Qoşunlarina işarə etdi;

Sübhandır mənim Əbha Rəbbim!

Üzünün nuru göyü və yeri doldurdu;

Sübhandır mənim Əbha Rəbbim!

Və onun gözəlliyinin işığı torpaqdan yaranmışların üzərinə düşüncə;

Sübhandır mənim Əbha Rəbbim!

Bütün varlıqlar fanilik qəbirlərində titrədilər;

Sübhandır mənim Əbha Rəbbim!

Sonra o elə bir nida ucaltdı ki, əzəldən bəri bir qulaq bunu eşitməmişdi;

Sübhandır mənim Əbha Rəbbim!

Və belə söylədi: “Rəbbə and olsun! Ürəyində uca və nurlu Ərəb Gəncinin məhəbbət ətri olmayan kəs,

Sübhandır mənim Əbha Rəbbim!

Uca cənnətin zirvəsinə əsla yüksələ bilməz;”

Sübhandır mənim Əbha Rəbbim!

Sonra o öz kənizlərindən bir hurini çağırdı,

Sübhandır mənim Əbha Rəbbim!

Və ona əmr etdi: “Əbədiyyət imarətlərindən aşağı en,

Sübhandır mənim Əbha Rəbbim!

Onların ürəklərinin ən dərinliklərində gizlətdikləri şeylərə üz tut,

Sübhandır mənim Əbha Rəbbim!

Zülm əhlinin əllərinin törətdikləri üzündən nur çadırında gizlədilmiş Gəncin köynəyinin ətrini duysan;

Sübhandır mənim Əbha Rəbbim!

Köksündən elə bir nida qaldır ki, Cənnətin xanəgahındakı əbədi zənginlik mücəssəmələri olan bütün sakinlər anlasınlar və eşitsinlər;

Sübhandır mənim Əbha Rəbbim!

Ta ki, onların hamısı özlərinin əbədi köşklərindən aşağı ensinlər və titrəsinlər;

Sübhandır mənim Əbha Rəbbim!

Və vəfa zirvələrinə uçduqları üçün onların əllərini və ayaqlarını öpsünlər;

Sübhandır mənim Əbha Rəbbim!

Bəlkə Məhbubun ətrini onların köynəklərindən duyalar.”

Sübhandır mənim Əbha Rəbbim!

Bu zaman, necə ki, Gəncin üzünün nuru Özünün fani bədəni üzərində parlayırdı, sevimli hurinin üzü səmavi köşklərin üzərində parladı;

Sübhandır mənim Əbha Rəbbim!

Sonra o belə bir zinətlə aşağı endi ki, bütün göyləri və orada olan hər şeyi işıqlandırdı;

Sübhandır mənim Əbha Rəbbim!

O tərpəndi, müqəddəslik və cəlal diyarlarındakı bütün şeyləri ətirləndirdi;

Sübhandır mənim Əbha Rəbbim!

O yerə çatanda o, yaradılışın düz ürəyində boy verib qalxdı;

Sübhandır mənim Əbha Rəbbim!

Və nə əvvəli, nə sonu bilinməyən bir zamanda onların ətrini duymaq istədi;

Sübhandır mənim Əbha Rəbbim!

Ancaq onlarda axtardığını tapmadı və bu, həqiqətən Onun heyrətamiz rəvayətlərindən biridir;

Sübhandır mənim Əbha Rəbbim!

Onda o fəryad qopardı, nalə etdi və Özünün Ən Uca Məkanındakı məqamına qayıtdı;

Sübhandır mənim Əbha Rəbbim!

Sonra isə yavaşca pıçıldadığı, sirli bir söz çıxdı dilindən;

Sübhandır mənim Əbha Rəbbim!

Və Səma Qoşunları və cənnətin ölməz huriləri arasında belə səsləndi:

Sübhandır mənim Əbha Rəbbim!

“Allaha and olsun! Mən bu bihudə iddiaçılardan Vəfa nəsimləri duymadım.”

Sübhandır mənim Əbha Rəbbim!

“Allaha and olsun! Bu Gənc bu qərib yerlərdə imansızların əlində tək-tənha qalıb.”

Sübhandır mənim Əbha Rəbbim!

Sonra o köksündən elə bir fəryad qopardı ki, Mələyi-Əla nalə etdi və titrədi;

Sübhandır mənim Əbha Rəbbim!

Sonra o, torpağa düşdü və canını tapşırdı. Sanki, onu Uca Səltənətə çağıran Kəsi eşitmiş və o çağırışa qulaq vermişdi;

Sübhandır mənim Əbha Rəbbim!

Alqış olsun O Kəsə ki Özünün uca cənnətinin düz ortasında onu məhəbbət cövhərindən yaratdı!

Sübhandır mənim Əbha Rəbbim!

Bu zaman səma huriləri öz köşklərindən yüyürək çıxdılar ki, onların üzlərinə ən uca cənnətin sakinlərinin gözü heç vaxt dəyməmişdi.

Sübhandır mənim Əbha Rəbbim!

Onların hamısı onun ətrafına toplandı və bir də gördülər ki, heyhat! Onun bədəni torpağa düşüb;

Sübhandır mənim Əbha Rəbbim!

Və onlar onun bu halını görüb Gəncin danışdığı rəvayətdəki sözü başa düşəndə başlarını açdılar, paltarlarını cırdılar, üzlərinə döydülər, sevinclərini unutdular, göz yaşları tökdülər, yanaqlarına vurdular; və budur, həqiqətən, əsrarəngiz və ağır bir müsibət.

Sübhandır Ucalar Ucası Rəbbimiz!

-Bahá'u'lláh
-----------------------

